Türkiyənin çoxməqsədli amfibiya hücum gəmisi TCG “Anadolu” 10 aprel 2023-cü il tarixindən etibarən Hərbi Dəniz Qüvvələrinin xidmətinə daxil olub. Türkiyə donanmasının flaqmanı və Türkiyənin ən böyük döyüş gəmisi olan platformanın istifadəyə verilməsi ilə Türkiyə çəkindirici gücünü yeni səviyyəyə qaldırıb, müdafiə sənayesi üçün daha bir mühüm mərhələni aşıb.
Mütəxəssislər TCG “Anadolu”nun bir platforma olaraq nəyi təmsil etdiyini, Türkiyənin müdafiə sənayesi və dənizçilik sektoru üçün nə demək olduğunu, Türkiyənin dəniz gücünə və milli müdafiəsinə nə kimi töhfələr verəcəyini cavablandırıblar.
Murat Yeşiltaş, SETA, Ankara Sosial Elmlər Universiteti
TCG “Anadolu” Türkiyənin dəniz gücünə çevrilmə strategiyası istiqamətində atılan ən mühüm addımlardan biridir. Türkiyə uzun müddətdir ki, dəniz strategiyasında hərtərəfli transformasiya prosesindən keçir. Bu strategiyanın ən mühüm sütunu Türkiyənin dəniz qüvvələrini müasirləşdirmək və milli imkanlar çıxararaq strateji platformaları Türkiyə Silahlı Qüvvələrinin (TSQ) inventarına daxil etməkdir. İkinci mühüm sütun isə Türkiyəni öz bölgəsindəki ən əhəmiyyətli dəniz gücünə çevirmək və açıq dənizlərə gedən donanmaya sahib olmaqdır. Bu baxımdan, TCG “Anadolu” Türkiyənin dəniz gücü tarixində yeni bir dövrü qeyd edir. TCG “Anadolu” Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının 2015-ci il strategiyasında ifadə edilən Türkiyənin dənizlərdə mövcudluğunun tarixi-strateji mədəniyyəti və dəniz güc duruşu baxımından yeni bir dövrün başlanğıcı deməkdir. Hərbi, təhlükəsizlik və xarici siyasət səviyyələrində bu, hərbi çəkindirmənin möhkəmləndirilməsi deməkdir. Xüsusilə dənizə yaxın ərazilərdə mövcudluğu baxımından güc multiplikatoru və Türkiyənin ən prestijli nailiyyətlərindən biridir.
TCG “Anadolu”nu Ukraynada pozulan tarazlıqlar baxımından Qara dənizdə, Türkiyə-Yunanıstan gərginliyi baxımından Egey və Aralıq dənizində, güc transformasiyası baxımından Şərqi Aralıq dənizində bölgə daxilində və xaricində olan aktorlara qarşı hərəkət azadlığını təmin edəcək bir platforma kimi düşünə bilərik. Hərbi əməliyyat doktrinaları kontekstində TCG “Anadolu”nun yeni bir dövrə işarə etdiyini söyləmək olar. Xüsusilə TB3 və böyük ehtimalla “Kızılelma” kimi pilotsuz uçuş platformalarının yerləşdirilməsi baxımından TSQ-nın dəniz strategiyasında yeni bir hərəkət konsepsiyasının tətbiqini təmin edəcək. Bu vəziyyətdə gəmini Türkiyənin hərbi qüdrətini hərbi və humanitar əməliyyatlardan regional miqyaslara çatdırmaq imkanı verən güc multiplikatoru hesab etmək olar.
Vitse-admiral Deniz Kutluk
On illik daxili müzakirələrin sonunda alınan qərarla TCG “Anadolu” döyüş gəmisinə ehtiyac aydınlaşdırıldı. Onun ilkin düşüncələri soyuq müharibədən sonrakı silahlanma ruhunu əks etdirirdi, o zaman NATO ilk dəfə amfibiya gücünə çıxış yolunda idi və bunun səbəbi (heç bir təhlükə olmadığı üçün) humanitar yardım idi. Humanitar yardım ideyası bizdə də var idi. Nəticə etibarilə bu, amfibiya hücum gəmisidir. Bu, müdafiə olunan düşmən sahillərinə gücdən istifadə edərək desant (dəniz piyada qoşunları) çıxarmağa imkan verir. Bu məqsədlə üzərində özünü qoruyacaq hava gücünü də bir ölçüdə daşıyır (F-35 B təyyarələri ilə edilməsi planlaşdırılan bu qorunma hal-hazırda ABŞ ilə qarşıdurma nəticəsində qeyri-müəyyənlik içərisindədir və müvəqqəti tənzimləmələrlə bir müddətlik dövr yaşanacağı görünür).
Bundan əlavə, gəmi-sahil transferi adlanan son hücum mərhələsinin tələbi olan, quruda və dənizdə hərəkət edə bilən, dənizdən və havadan hücum həyata keçirəcək zirehli texnikaları, sürətin daha vacib olduğu anlar üçün gəminin göyərtəsindən dəniz piyadalarını quruya daşıyacaq helikopterləri ehtiva edir. Hava müdafiəsi kifayət qədər olmalıdır. Sualtı müdafiənin üzvi şəkildə təmin edilməsi zərurətindən çıxış edərək bu məqsədlə bəzi helikopterlər təyin edilir. Üzərində olan hərbi hava vasitələri (hücum helikopterləri, PUA və F-35 alternativi VTOL/STOL təyyarələri) ilə atəş gücü dəstəyindən istifadə edərək düşmən sahilinə çıxardığı və ya münaqişə nəticəsində düşmənçilik hərəkətlərinin baş verdiyi sahillərdə ilişib qalan insanların evakuasiyasını da təmin edə bilər. TCG “Anadolu” daha dinc şəraitdə insanları təbii fəlakət nəticəsində ilişib qaldığı bölgələrdən sahil-gəmi hava körpüsündən istifadə edərək gəminin gövdəsinə evakuasiya edə və ilk tibbi yardım göstərə bilər. İki sözlə ifadə etsək, TCG “Anadolu” dənizdən güc proyeksiyası (power projection) təqdim edir.
Layihə tam hazır olduqda və daimi olaraq yerləşdiriləcək hava və dəniz elementlərinin infrastrukturu tamamlandıqda, bu, amfibiya hücum gücümüzə əhəmiyyətli əlavə dəyər qatacaq. Bu dəyərləri daha uzun məsafələrə çataraq düşmən sahillərinə hücum etmək, sürpriz təsirini artırmaq, özünü müdafiəni optimallaşdırmaq, dənizdən sahilə güc proyeksiyası yaratmaq, çəkindirici gücümüzdə xalis artım meydana gətirmək və s. olaraq qeyd edə bilərik.
TCG “Anadolu” ilə Türkiyənin amfibiya hücum gücü təxminən 60 faiz artırılacaq. Bu mənada regional dəniz gücü rəqabətində həmsöhbət aktor qüvvələrin vəzifəsi çətinləşəcək. Gəminin amfibiya hücum xüsusiyyətinə görə TCG “Anadolu” Kiprin təhlükəsizliyini təmin etmək və Türkiyənin milli maraqlarını qorumaq üçün mümkün düşmən cəhdlərinə qarşı çəkindirici rol oynayacaq.
Dövlətlər geostrateji mənada xarici siyasət məqsədlərini maraq-təsir tənliyi ilə ölçür və qərar verirlər. Görünən odur ki, bu giriş gücü TCG “Anadolu”nun iştirakı ilə artan üfüqlər tapacaq. Əlbəttə, dost və müttəfiqlərimiz üçün də humanitar yardım göstərmək başda olmaqla dəstək verən bir platforma əldə edilir. Gəminin sahib olduğu komanda və idarəetmə sistemləri ilə NATO daxilində bəzi kritik missiyalar üçün artıq seçildiyini də eşitmişik.
Murat Aslan, SETA, Hasan Kalyoncu Universiteti
TCG “Anadolu” gəmisinin Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi ilə Türkiyənin siyasi və hərbi mövqeyində yeni mərhələyə qədəm qoyulub. Türkiyə artıq ortaq hərbi qüvvəsini uzaq ölkələrə göndərə bilər. Əslində, böyük dövlətlərin qlobal siyasətə hərbi nüfuzu effektiv qüvvə göndərilməsinə əsaslanır. Məsələn, ABŞ üçün super dövlət olma meyarı təkcə nüvə silahına malik olmaq və ya normaları formalaşdırmaq deyil. Superdövlət həm də öz hərbi gücünü dünyanın istənilən bölgəsinə köçürməyi bacarmalıdır. Məsələn, ABŞ altı gün ərzində öz hərbi qüvvələrini münaqişə zonasında hazır vəziyyətə gətirmək istəyir. Türkiyə super dövlət(lər)ə tabe olmamaq üçün lazım gəldikdə hərbi gücünün minimumunu dünyanın bir hissəsinə köçürə bilməlidir.
TCG “Anadolu” gəmisinin əldə etdiyi qabiliyyəti “Türkiyə siyasi maraqları üçün xüsusi təyinatlılar, donanma, dəniz piyada və hava qüvvələrindən ibarət ortaq qüvvələrin istənilən vaxt və məkanda göndərilməsini və yerləşdirilməsini təmin etmək” kimi ümumiləşdirmək olar. Bu səbəbdən Türkiyə TCG “Anadolu” əməliyyat qrupu ilə öz yaxın coğrafiyası ilə yanaşı, 9 min mil və daha çox məsafəyə qədər uzanan maraq bölgəsində müstəqil əməliyyat həyata keçirə bilər. Bundan əlavə, belə imkanların çəkindirici funksiyası olduğunu unutmaq olmaz.
Türkiyə belə bir ehtiyacın ən yaxşı nümunəsini 2020-ci ildə Liviyada yaşadı. Türkiyə Hərbi Hava Qüvvələrinin yerinə yetirdiyi tapşırıqlar uçuşda sərf olunan vaxtın və iş yükünün az olması səbəbindən məhdud qaldı. Əslində, F16-lar Liviyada bir missiyanı yerinə yetirmək üçün ən azı altı saat havada qalmalı, bu kontekstdə ən azı iki dəfə yanacaq doldurmalı və bu arada onların qarşısını ala biləcək təhdidlərə cavab verməli idi. Bu səbəbdən siyasi məqsədin həyata keçirilməsində hərbi potensialın inkişaf etdirilməsi istiqamətində səylər sürətləndirildi.
Gəmidə yerləşdiriləcək PUA-lar aşağı radar izi və uzaq mənzilli dəqiq döyüş sursatlarından istifadə qabiliyyəti ilə TCG “Anadolu” gəmisini öz sinfindəkilərdən fərqləndirir. Bundan əlavə, Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmirin açıqladığı axtarış başlıığına sahib gəzən sursatın və hava hücumundan müdafiə sistemlərinin gəmiyə inteqrasiyası mühüm nailiyyətlərdir. ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarmasının yaratdığı boşluğu Türkiyə PUA-ları ilə doldurmağın böyük siyasi mənası var. Bundan əlavə, gəmidə yerləşdiriləcək PUA-ların həm hücum, həm də kəşfiyyat missiyaları həyata keçirə bilməsi mümkündür.
Gəmiyə yerləşdiriləcək hücum helikopterlərinin atəşlə manevr etmək bacarığı böyük bir bacarıqdır. Türkiyə Hərbi Dəniz Qüvvələri üçün istehsal edilən yeni növ milli sursat gəminin sağ qalmasına sərfəli töhfələr verir. TCG “Anadolu” gəmisini sualtı qayıq, logistika, hava hücumundan müdafiə, döyüş və ya minaaxtaran kimi digər növ gəmilər müşayiət etməlidir. Türk Dəniz Döyüşü proqramı tamamlandığında artıq Türk Mavi Vətənindən okeanlara üzmək və müttəfiq ölkələrlə birlikdə və ya müstəqil olaraq bir missiya yerinə yetirmək mümkün olacaq. Şübhəsiz ki, belə bir qabiliyyət NATO missiyalarını da dəstəkləyəcək.
Aparıcı ELD mühəndisi Enver Ünal
Əhəmiyyətli siyasi, hərbi və iqtisadi inkişafların yaşandığı, hərbi güclə dəstəklənən diplomatiyanın ön plana çıxdığı indiki dövrdə dəniz gücündən istifadə və dəniz strategiyaları mühüm alətlər olaraq ortaya çıxır.
Ənənəvi təhlükələrə qarşı ölkənin müdafiəsi üçün istifadə olunmaqla yanaşı, dövlətlərarası rəqabətdə və güc nümayişində, asimmetrik təhlükələrə qarşı dəniz təhlükəsizliyinin təmin edilməsində, delimitasiya mübahisələrinin mövcud olduğu dəniz ərazilərində iqtisadi maraqların qorunmasında və və dənizə bitişik fəlakət zonalarında humanitar yardım tədbirlərinin həyata keçirilməsində dəniz strategiyası və bu kontekstdə milli bir güc elementi olaraq dəniz qüvvələri fəal rol oynayır.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin “Vətəndə təhlükəsiz olmaq üçün dənizdə güclü olmaq, dünyada söz sahibi olmaq üçün bütün dənizlərdə var olmaq” strateji hədəfinə uyğun olaraq milli gücə əsaslanan təsirli dəniz gücünə sahib olma və bu gücün dünya dənizlərində Türkiyənin mənafeyini və maraqlarını əldə edəcək şəkildə istifadə edilməsi baxımından TCG “Anadolu” böyük əhəmiyyət kəsb edir.
Mövcud imkanları ilə hazırda “orta ölçülü regional güc transformasiyası qabiliyyətinə malik dəniz qüvvəsi” olan Türkiyə Hərbi Dəniz Qüvvələri TCG “Anadolu”nun xidmətə daxil olması ilə “orta ölçülü qlobal güc transformasiyası qabiliyyətinə malik dəniz qüvvəsi” kateqoriyasına yüksələcək. Bu çərçivədə vətəndən uzaq dəniz ərazilərində milli və ya çoxmillətli əməliyyatlarda fəal iştirak edə bilmək, Türkiyə Silahlı Qüvvələrinin bölmələrini “orta ölçülü güc transformasiyası” konsepsiyasına daxil edərək güc transformasiyası/amfibiya əməliyyatı həyata keçirmək və dənizdə komanda-idarəetmə mərkəzi missiyalarını dəstəkləmək bacarığı əldə ediləcək.
TCG “Anadolu” sahib olduğu xüsusiyyətlərlə əhəmiyyətli bir güc sütunu olaraq Hərbi Dəniz Qüvvələrimizə qatılacaq. Bununla da 2015-ci ildə nəşr olunan “Türkiyə Dəniz Qüvvələri Strategiyası” sənədində nəzərdə tutulan hədəflərdən birinə nail olunacaq. Dəniz qüvvələri münaqişə vəziyyətində erkən xəbərdarlıq, nəzarət, müşahidə və kəşfiyyat ehtiyaclarının qarşılanması, dəniz nəqliyyat xətlərinin açıq saxlanması və onların qorunması, əməliyyat bölgəsində dəniz nəzarətinin qurulması, quruda yerləşən kritik hədəflərin məhv edilməsi, regional hava hücumundan müdafiənin dəstəklənməsi, güc transformasiyasının həyata keçirilməsi, lazım gəldikdə amfibiya əməliyyatlarının aparılması kimi fəaliyyətlərlə birgə hərəkətə töhfə verir.
Bu xüsusiyyətləri ilə dəniz qüvvələri sülh, böhran və münaqişə vəziyyətlərinin tələblərinə uyğun olaraq müvafiq bölgələrdə yerləşdirilir və aşağıdakı vəzifələri yerinə yetirir: Vətən üçün təhlükələri ən uzaq məsafədə aradan qaldırma, ikitərəfli və ya çoxmillətli əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsi, əlaqələrin inkişafına və regional/qlobal sabitliyin qorunmasına töhfə vermə, effektiv böhran idarəçiliyində oynadığı rolla digər aktorların davranışını formalaşdırma, dəniz hüquq və maraqlarının qorunması.
Hər hansı bir ölkənin öz dəniz qüvvələrini necə istifadə etməsi həmin ölkənin xarici siyasət xarakterini ortaya qoyur. Dəniz qüvvələrinin missiya spektrinə aşağıdakı missiya növləri daxildir: dənizə nəzarət və güc transformasiyası, dənizdən quruya zərbə əməliyyatı, dənizlərdən sərbəst istifadənin qarşısının alınması və dəniz nəqliyyatının qorunması, dəniz təhlükəsizliyi əməliyyatlarına və yurisdiksiyalara nəzarət, bayraq və varlıq göstərmə, sülhə dəstək əməliyyatı, hərbi olmayanların (mülkilərin) təxliyəsi əməliyyatı, humanitar yardım, təbii fəlakət və axtarış-xilasetmə əməliyyatı.
TCG “Anadolu” sahib olduğu xüsusiyyətlərlə göstərilən bütün vəzifələrin yerinə yetirilməsində əhəmiyyətli bir platforma olaraq milli təhlükəsizlik və müdafiəyə ən yüksək səviyyədə töhfə verəcək.
Sibel Düz, SETA
Bu layihəni LCM (mexanikləşdirilmiş desant gəmisi), ZAHA (zirehli amfibiya hücum vasitəsi), LCVP (zirehli personal daşıma maşını) vasitələri və hücum helikopterləri, çoxməqsədli orta yük daşıma helikopterləri, havadan erkən xəbərdarlıq helikopterləri, ümumi məqsədli helikopterlər və gəmi əsaslı pilotsuz uçuş aparatlarından səmərəli istifadəni hədəfləyən prestijli layihə kimi xarakterizə etmək olar. TCG “Anadolu” tabor şəxsi heyəti qədər döyüş qüvvəsini yerləşdirə bildiyi üçün Türkiyə Silahlı Qüvvələrinin aparıcı bazası olaraq əməliyyat çevikliyinə dəyər qatacaq.
Əslində mümkün desant çıxarma əməliyyatlarında mobil baza rolunu oynayacaq TCG “Anadolu” NATO və BMT-nin tapşırıq qruplarında komanda-nəzarət tapşırıqlarını yerinə yetirə biləcək. O, təsnifatdan keçərək Hərbi Dəniz Qüvvələrinin qlobal güc transformasiyası qabiliyyətinə malik qüvvəyə çevrilməsini qeydə alacaq. Bu kontekstdə gəminin Türkiyənin NATO və BMT missiyalarında rolunu artıran prestij platforması olduğu vurğulanmalıdır. Xatırladaq ki, NATO-nun Liviyaya qarşı başlatdığı “Birləşmiş Qoruyucu Əməliyyat”ında (Operation Unified Protector, OUP) Türkiyə Silahlı Qüvvələrinin bölmələri də iştirak edirdi.
Türkiyə Silahlı Qüvvələrinin 4 freqat, 1 sualtı qayıq, 1 logistika dəstək gəmisi, 6 F-16 təyyarəsi, 2 KC-135 tanker təyyarəsi, xüsusi təyinatlı qərargah heyəti ilə gəmilərdə yerləşdirilmiş helikopterlər, sualtı hücum (SAT), amfibiya və sualtı missiya timləri ilə iştirak etdiyi əməliyyat zamanı yaşanan çətinliklər Türkiyə Hərbi Dəniz Qüvvələrinin oxşar humanitar yardım və təxliyyə əməliyyatında ixtisaslı hava qüvvələrinə nə dərəcədə ehtiyac duya biləcəyini göstərdi.
Əslində, son Kahramanmaraş zəlzələlərində humanitar əməliyyatlarda hərbi və müdafiə texnologiyaları potensialının əhəmiyyəti bir daha ortaya çıxdı. Digər tərəfdən, TCG “Anadolu”nun həm sülh, həm də müharibə dövründə yerinə yetirə biləcəyi fərqli missiya profilləri və hava platformaları Türkiyə Hərbi Dəniz Qüvvələrinin hava gücü imkanlarına əhəmiyyətli dərəcədə təsir edəcək.
Məlum olduğu kimi, gəminin uçuş göyərtəsinə 10 helikopter və ya 11 PUA yerləşdirilə, anqarda isə 19 helikopter və ya 30 PUA daşına bilər. Bu hava platformaları arasında Türkiyə aviasiya sənayesinin təməl platformaları olan qatlanan qanadlı “Bayraktar” TB3 PUA, “Bayraktar Kızılelma” pilotsuz döyüş təyyarəsi və “Hürjet” yüngül hücum təyyarəsi var. Xatırladaq ki, Türkiyənin F-35 “Lightning II” proqramından çıxarılması 2021-ci ilin mart ayında TCG “Anadolu”nun pilotsuz döyüş təyyarələri ilə təchiz edilməsi qərarının verilməsinə səbəb olub.
Mobil göyərtəyə enmək üçün gücləndirilmiş gövdə dizaynı, eniş qurğusuna sahib olan və hətta qatlana bilən qanad aerodinamik dizaynı, habelə bu ehtiyac üçün formalaşdırılan TB3 layihəsi bu münasibətlə irəli sürülüb. Bu kontekstdə TCG “Anadolu”nun mühəndislik macərası Türkiyənin milli təhlükəsizlik və müdafiə strategiyasına əsaslanan ibrətamiz bir dərsdir.
Yerlilik göstəricisi 70 faiz olan layihənin başda silah sistemləri və döyüş idarəetmə sistemi olmaqla elektron döyüş sistemləri, infraqırmızı axtarış və izləmə sistemi, elektro-optik axtarış sistemi, lazer xəbərdarlıq sistemi, torpedodan müdafiə sistemi, radarları, rabitə sistemləri, naviqasiya sistemləri, informasiya paylama sistemləri yerli və milli sənayemiz tərəfindən inkişaf etdirilir. Bu texniki avadanlıqlar sayəsində TCG “Anadolu” amfibiya döyüş, güc transformasiyası, alternativ helikopter/PUA gəmisi, bayraq nümayişi, humanitar yardım, evakuasiya əməliyyatları, axtarış-xilasetmə fəaliyyətləri, təbii fəlakətlər və tibbi dəstək missiyaları icra edə biləcək.
TCG “Anadolu”, həmçinin Türkiyənin çəkindiriciliyini gücləndirən, hərbi güc proyeksiyasını xarakterizə edən layihələrdə alternativ və yerli həllərin vacibliyini, milli təhlükəsizlik və müdafiənin müstəqilliyini simvolizə edən bir simvoldur.
Firuz Bağırov
Ordu.az